fbpx
10 May

Uşaq və internet

Uşaq və internet

Günümüzdə internet bizim evimizə kimi daxil olaraq, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onun vasitəsilə bütün dünya sanki ovucumuzun içində yerləşib. Lakin, görkəmli şairimiz demiş, “bir inci saflığı olsa da suda, artıq içiləndə dərd verir o da”.

 

Günümüzdə internet bizim evimizə kimi daxil olaraq, həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onun vasitəsilə bütün dünya sanki ovucumuzun içində yerləşib. Lakin, görkəmli şairimiz demiş, “Bir inci saflığı olsa da suda, artıq içiləndə dərd verir o da”.

Əlbəttə, internetin faydaları saymaqla bitmir, amma virtual həyata həddən artıq bağlılıq insanı real həyatdan uzaqlaşdırır və bir növ asılı vəziyyətə salır. Böyüklər bir yana, bəs onun uşaqlara təsiri barəsində heç düşünmüsünüzmü?

Rəqəmsal rabitələr üzrə araşdırmaçı Fəxrəddin Laçınlının bu barədə araşdırmasının ilk hissəsini sizlərə təqdim edirik.

Uşaqların internet ilə əlaqəsi haqqında araşdırmalar daim  aparılıb və internet daim inkişafda olduğu üçün araşdırmalar daha da artır.

90-cı illərdən həyatımıza daxil olan internet 2000-ci ildən bu günə qədər daha böyük çərçivədə inkişaf edərək, gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Artıq hər dəqiqəmizin internetdən asılı olması problem olaraq gündəmdədir.

Gəlin bu məsələni birlikdə təhlil edərək “İnternetdən asılı qalan uşaqları necə müəyyən edə bilərik?” sualına aydınlıq gətirək.

Burada sizə 3-10 yaşlı uşaqlar haqqında apardığım araşdırmamı təqdim edirəm.

Uşaqların internetə bağlı olduqlarını necə bilə bilərik?

Hər internetdən istifadə edən uşaqda internet bağlılığı var” demək doğru deyil. Uşağın internet bağlılığını müəyyən etmək üçün baxmaq lazımdır ki, gün ərzində uşaq internetdən nə qədər istifadə edir. Başqa sözlə, uşaq internet, telefon, kompüter və ya planşetə nə qədər vaxt sərf edir. Eyni zamanda, həmin bu vaxt onun gün ərzində edə biləcəyi digər işlərə –  dərs, uşaqlarla oynamaq, gəzmək və digər sosial aktivliyinə – sərf etdiyi vaxtla müqayisə olunmalıdır.

Bunları nəzərdən keçirdikdən sonra, qərar verə bilərik ki, uşaq həqiqətən də internetdən asılıdır və gününün böyük hissəsini internetə bağlı olaraq keçirir, yoxsa yox.

Belə ki, uşaq internet başında uzun vaxt keçirirsə, internetdən kənar olan aktivliyə maraq göstərmirsə, səhər yuxudan qalxan kimi, axşam yatmazdan əvvəl ilk işi internetə daxil olmaqdırsa, internetə daxil olmasına icazə vermədikdə narahatlıq keçirirsə, depressiv ruh halına girirsə, tez-tez internetdə oynadığı oyun, maraq göstərdiyi şeylər haqqında danışırsa, telefonundan, planşetdən və s. uzaq qaldıqda əsəbi, gərgin olursa, yemək vaxtlarını internet başında keçirirsə, yemək yeməyə çağırdığınızda tox olduğunu deyirsə və s. deməli həmin uşaq internetdən asılı vəziyyətdədir.

İnternet asılılığının psixoloji və fizioloji ziyanları nədən ibarətdir?

Bəs uşaqların internetə bağlı qalmasının psixoloji və fizoloji ziyanları nədədir?  Bir az bu barədə də danışaq.

Şübhəsiz ki, internetin müsbət tərəfləri çoxdur. Amma düzgün istifadə edilmədikdə müsbət tərəflərindən ikiqat artıq ziyanını görmək mümkündür. Ziyanlı təsirləri həm fizioloji həm də psixolojidir.

Fizioloji ziyanları bundan ibarətdir ki, telefondan (planşetdən və s.) uzun müddət istifadə etdikdə uşaq hərəkətsiz qalır. Bundan əlavə, şüalanma onda göz problemlərinə səbəb ola bilir. Həmçinin, gözlərdə yanma, boyunda ağrı və sərtləşmə, bədən duruşunda əyrilik, halsızlıq və s. kimi fizioloji hallar da müşahidə oluna bilir.

Psixoloji ziyanları isə ondan ibarətdir ki, uşağın ətraf aləmlə olan sosial əlaqələri kəsilir, məktəb və digər ictimai yerlərdə yaşıdları ilə ünsiyyət qurmaqda çətinlik çəkir, təkliyə meyilli olur, özünə qapanmağa başlayır. Bu isə uşağın diqqətinin azalmasına və aqresivləşməsinə səbəb olur.

Başqa bir misal gətirək: real həyatda uşaq yıxıldıqda əzilirsə, bunu hiss edir və ağlayır, lakin oyunlarda qəza verdikdə, heç nə olmamış kimi oyuna davam edir. Bu hal uşaqda şizofrenə bənzər vəziyyət yarada bilər (Şizofrenlər məntiqli dünyada deyil, öz dünyalarında yaşayırlar).

İnternetə bağlı uşaq sosial həyatında hansı problemlərlə qarşılaşır?

İnternetdən asılı olan uşaqların ailədə, məktəbdə, internetdən kənardakı dostları ilə münasibətləri pozulur, sosiallaşma ilə bağlı problemlər yaranır, aktivliyi azalır, onlar özlərini yaxşı ifadə edə bilmirlər və s.

Valideynlər bu kimi problemlərin qarşısını almaq üçün nə etməlidirlər ?

Uşaqlar həyətdə öz yaşıdları ilə birlikdə yaşlarına uyğun oyunlar oynasınlar.

Ailələri uşaqlarının sosiallaşması mövzusunda məlumatlandıran psixoloqların fikrincə, uşağın ehtiyacı olan şey kompüter və ya palanşet deyil, oyun oynamaqdır. Bu oyunu uşaq kompüterdə internet vasitəsilə deyil, həyətdə dostları ilə birlikdə oynamalıdır. “Uşağa həyətdə oynamağa icazə versəm, başına nə isə gələ bilər” narahatlığını hər bir valideyn yaşayır. Bu normaldır. Bu yolla övladımızı qoruduğumuzu hesab edirik, lakin bağlı bir qutunun içində saxladığımız uşaq həyatı üçün faydalı ola biləcək aktivlikdən məhrum olur. Beləliklə, illər sonra, hətta 40 yaşında heç bir işin öhdəsindən lazımınca gələ bilməyən fərdə çevrilir.

Bir nüansı anlamalıyıq ki, uşağın inkişafında həmişə hər hansı bir risk ehtimalı mövcuddur. Əgər uşaq inkişaf etdiyi dövrdə valideynlər doğru üsullardan istifadə etməsə, əhəmiyyətli nüansları görməzdən gəlsə, gələcəkdə daha böyük və qarşısıalınmaz fəsadlarla qarşılaşa bilərlər. Uşaqlar təkcə yaşıdları ilə deyil, valideynləri ilə də müxtəlif faydalı oyunlar oynamalıdırlar.  Bu səbəbdən uşaq böyüdərkən və tərbiyə edərkən onu virtual aləmdə deyil, həqiqi dünyada mövcud olan oyunlara yönəltmək lazımdır.

  • İnternetdən asılılığın qarşısını almağın yolu internetlə olan əlaqənin tamamilə kəsilməsi deyil. Bunun üçün uşağın internetdə oynadığı oyunların vaxtını dəqiq müəyyənləşdirib məhdudlaşdırmaq faydalı ola bilər. Bu üsulla övladınızın telefon və ya kompyuter başında keçirdiyi vaxtın azaldığını və asılılığın get-gedə zəiflədiyini müşahidə edəcəksiniz.
  • Uşaq inkişafı mütəxəssisləri və pedaqoqların tam dəstəyi ilə hazırlanan “MentalUP” proqramı günlük istifadə müddətini məhdudlaşdırır və valideynlərin nəzarət və diqqətini artırır. Vaxtını “MentalUP” ilə keçirən uşaqlar əyləncəli fiziki hərəkətlər edir, faydalı məntiqi bacarıqlarını inkişaf etdirir, texnologiyanın zərərli təsiridən qorunmuş olurlar. Valideynlər də bu yolla uşaqların üzərindəki gündəlik nəzarətlərini davam etdirmiş olurlar.

Başqa nə edə bilərik?

1. Əlavə olaraq qeyd edək ki, uşaq valideynin onu istiqamətləndirdiyi yöndən həzz almadığı üçün internetə bağlı olur. O, axtardığı əyləncəni internetdə tapdığı üçün içində asılılıq yaranır. Burada valideynlərin üzərinə düşən məsuliyyət bundan ibrətdir ki, uşağı dərs oxumağa əyləncəli üsullarla cəlb etsin, uşaqların öz yaşıdları ilə mütəmadi olaraq görüşməsi və sosiallaşması üçün şərait yaratsın, uşağı maraq göstərdiyi idman sahəsinə yönəltsin. Eyni zamanda internetdən necə istifadə etdiyini və kimlərlə ünsiyyətdə olduğunu da daim nəzarətdə saxlasın.

2. Özünüz internetdə çox vaxt keçirirsinizsə, bu, uşağınızla birlikdə keçirəcəyiniz vaxta birbaşa təsir edəcək. Ona az vaxt ayırmış olduqda isə, o da alternativlərdən istifadə edəcək. Uşaqlarla olan münasibətlərdə valideynlərin unutduğu, lakin əhəmiyyətli bir nüans var: onların qarşılarındakı fərdin uşaq olması. Onları daim dərslərlə yükləmək olmaz. Uşaq oyun oynayar və valideynlər onlarına bunun üçün şərait yaratmalıdırlar. Uşaq dərsini də sevərək, əyləncəli şəkildə etməlidir (Finlandiya təhsilində bu üsuldan istifadə olunur). Uşaqla olan münasibətdə yalnız qaydalar və şüarlar olarsa, uşaq sizdən qaçmağa çalışacaq.

3. Uşağın oynadığı oyunları mütləq izləyin, oyunda hansı şüuraltı siqnalların verilməsinə diqqət edin. Əksər hallarda uşaqlar həqiqətini anlamadan cinayət və şiddət tərkibli oyunlara meyl edirlər. Belə hallara fikir verin.

4. 6 yaşa qədər olan uşaq gündə 45 dəqiqədən artıq internetdən istifadə etməməli, təkbaşına oyun oynamamalı, internetdə vaxt keçirməməlidir. Valideynlərin daim nəzarətində olmalıdır. Uşağa sadəcə qadağa qoymaq düzgün deyil, qadağaların səbəbini sadə şəkildə anlatmaq lazımdır. Səbəbini bildikdən sonra qadağanızı tədbiq edin. Məsələn, “Bunu etməkdə məqsədimiz sənin ziyan görməməyindir” deyin.

5. İstedad genetik olaraq ötürüldüyü üçün valideynlər uşağın daha erkən yaşda istedad, bacarıq və marağının hansı sahəyə olduğuna diqqət yetirməli və onu bu istiqamətdə yönləndirməlidirlər. Unutmayın ki, uşaqlar təqlid edərək böyüyür və öyrənir.

6. Adətən valideynlər başı qarışsın deyə telefon və ya planşeti hətta 2-3 yaşlı uşağın da ixtiyarına verirlər. Halbuki 3 yaşınadək uşağın internetdən istifadə etməsi, ümumiyyətlə texnoloji vasitələrlə əlaqədə olması məsləhət deyil. 6-10 yaş arası isə 1-1.5 saat internetdən istifadə etməsinə icazə vermək olar.

7. Bəzi valideynlər hesab edir ki, kompüterdəki oyunlar uşaqlar üçün faydalıdır. Lakin uşağın toxunaraq, sosiallaşaraq, təmiz havada, parkda oynadığı oyunların yerini heç bir virtual oyun vermir. Təbii ki, canlı oyunlar uşaqların inkişafına kompüter oyunlarından daha faydalıdır.

8. Araşdırmaların birində deyilir ki, narkotiklə internet asılılığı beynin eyni hissəsinə ziyan vurur. İnternetdə çox vaxt keçirənlərin beyinlərində bir sıra sinir hüceyrələri inkişaf etmir. Valideynlər uşağı çox qoruyub evə qapadıqda uşaq özünə qapanır, bu isə yenə də içindəki “boşluğu” internetlə dolduraraq, burada daha çox vaxt keçirməsinə səbəb olur.

9. Unutmayaq ki, bütün sadaladıqlarımıza baxmayaraq, interneti tamamilə qadağan etmək mümkün deyil, sadəcə düzgün şəkildə tənzimləmək lazımdır. İnternetdə uşaqları şiddətə, intihara sövq edən bir çox informasiya mövcuddur. Bunları da nəzərə almaq lazımdır…

 

Ardı var…

 

Fəxrəddin Laçınlı
Rəqəmsal rabitələr üzrə araşdırmaçı

Ares.az